PREZİDENT İLHAM ƏLİYEV YAŞIL TEATRDA BAŞA ÇATMIŞ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Yaşıl teatrda başa çatmış yenidənqurma işləri ilə tanış olmuşdur.Ötən əsrin 60-cı illərində istifadəyə verilmiş Yaşıl teatr Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəz, paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri olmuşdur. Lakin sonradan baxımsızlıq üzündən teatr fəaliyyətini tamamilə dayandırmışdı. 1990-cı ildən isə bura bərbad vəziyyətə düşmüşdü. Teatrın Bakı üçün önəmini nəzərə alan Prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun yenidən qurulması barədə sərəncam vermişdi.
O vaxtdan yenidənqurma işlərinə 30-dan çox inşaat briqadası cəlb olunmuşdu. Bu il martın 8-də dövlətimizin başçısı işlərin gedişi ilə maraqlanmış, müvafiq tövsiyə və tapşırıqlarını vermişdi.İşlərin yekunu ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Yaşıl teatrın ərazisi iki dəfə genişləndirilmişdir. Tamaşaçılar üçün yerlərin sayının 1600-dən 2500-ə çatdırılması burada ən mühüm, geniş tədbirlərin keçirilməsinə imkan verəcəkdir. Oturacaqlar İspaniya istehsalıdır. Prezidentin tapşırıqlarına əsasən, səs və işıqlandırma sistemləri ən müasir səviyyədə quraşdırılmışdır. Səs avadanlığı və işıqlandırma qurğuları Amerika Birləşmiş Ştatlarının, İtaliyanın tanınmış şirkətlərindən alınmış və onların
mütəxəssisləri tərəfindən də quraşdırılmışdır.
mütəxəssisləri tərəfindən də quraşdırılmışdır.Yaşıl teatrın yerləşdiyi ərazi sürüşmə zonasında olduğundan, amfiteatrın təməlinin möhkəmləndirilməsi üçün 196 dirək vurulmuşdur. Qrim otağı, inzibatçılar otağı və digər xidməti otaqlar səhnənin altında yerləşdirilmişdir.
Teatrın açılışı mayın 10-da olacaqdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını söylədi, Yaşıl teatrın gələcək istifadəsi ilə bağlı tapşırıqlarını verdi.