PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Litva Prezidenti Valdas Adamkusu və xanımı Alma Adamkieneni səmimiyyətlə qarşıladılar. Azərbaycan Prezidenti Litva Prezidentinin xanımına gül dəstəsi təqdim etdi.
Fəxri qarovul dəstəsinin rəisi Litva Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Litvanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Valdas Adamkus fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Litva Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Litva Prezidenti Valdas Adamkusa, Litva nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Prezidentlər xatirə şəkli çəkdirdilər.