ELM VƏ TƏHSİL
Professor: Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin uzaqgörən siyasətinin nəticəsidir
Bakı,14 noyabr, AZƏRTAC
COP29-un Azərbaycanda keçirilməsi qlobal iqlim dəyişiklikləri və ekoloji problemlərin həlli istiqamətində ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınmasında əhəmiyyətli rol oynayır. Bu tədbir Azərbaycanın qlobal ekoloji tarazlığın qorunub saxlanılmasına töhfə verdiyini bir daha təsdiqləyir. Eyni zamanda, ölkəmizin dayanıqlı inkişaf hədəflərinə sadiqliyini və ekoloji problemlərin həlli istiqamətində dünya dövlətləri və beynəlxalq təşkilatlarla birgə çalışmaq istəyinin ifadəsidir. Xatırladaq ki, Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılışında çıxışı zamanı 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfinin verildiyini vurğuladı. Dövlətimizin başçısı dedi: “Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov deyib.
Professor qeyd edib ki, bu konfrans Azərbaycanın regional və beynəlxalq səviyyədə nüfuzunun daha da artması, iqlim siyasəti sahəsindəki liderliyinin möhkəmlənməsi ilə yanaşı, təhsilin inkişafına da dəyərli töhfələr verəcək.
“COP29 beynəlxalq iqlim konfransında ekoloji təhsil-tərbiyə və ekoloji mədəniyyətin formalaşdırılması önə çəkilir ki, bu da təhsilalanlarda ekoloji şüurun formalaşdırılmasını, məsuliyyət hissinin artırılmasını, davamlı inkişafı təmin edə biləcək ekoloji biliklərin verilməsini nəzərdə tutur. Bunların realizə olunması şagird və tələbələrdə ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə edilməsi və iqlim dəyişikliklərini yaradan amillərə qarşı mübarizə aparılması üçün zəruri bilik və bacarıqların artırılmasını tələb edir. Konfransda qlobal ekoloji problemlərin müzakirəsi iqlim dəyişikliyi və davamlı inkişafla bağlı yeni mövzuların tədris proqramlarına daxil edilməsinə səbəb olacaq. Bu da Azərbaycanın təhsil sistemində innovativ və müasir yanaşmaların tətbiqinə, tədris materiallarının yenilənməsinə, qlobal çağırışlara, davamlı inkişafa, ekoloji bilik və bacarıqların öyrədilməsinə istiqamətlənmiş təhsil proqramlarının yaranmasına səbəb olacaq”, - deyə F.Rüstəmov bildirib.
Onun sözlərinə görə, COP29 təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. İqlim dəyişikliyi və ekoloji təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə xarici universitet və təşkilatlarla əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Bu, tələbələr üçün yeni mübadilə proqramlarının yaranmasına, tədqiqatçıların ortaq layihələrə qoşulmasına, innovativ tədris metodlarının təhsil müəssisələrimizdə daha geniş tətbiqinə imkan yaradacaq.
“Beynəlxalq iqlim konfransı çərçivəsində ekoloji davamlılıq və yaşıl infrastruktur mövzularının müzakirəsi Azərbaycanda təhsil müəssisələrinin ekoloji cəhətdən davamlı infrastruktura keçidini gündəmə gətirə bilər. Məktəblər və universitetlər üçün ekoloji cəhətdən daha səmərəli binaların tikintisi, enerji səmərəliliyinin artırılması, tullantıların azaldılması və bərpaolunan enerji mənbələrinin istifadəsi üzrə təşəbbüslər həyata keçirə bilərlər. Bu cür tədbirlər həm şagirdlərin və tələbələrin ekoloji təfəkkürünü inkişaf etdirər, həm də təhsil müəssisələrində təbiətin qorunmasına töhfə verər. COP29 zamanı müəllimlərin və təlimçilərin ekoloji təhsildə müasir yanaşmalar və texnologiyalarla tanış olması təhsilalanlara daha keyfiyyətli biliklərin ötürülməsini, zəruri bacarıqların formalaşdırlmasını təmin edə bilər”, - deyə professor Fərrux Rüstəmov fikrini yekunlaşdırıb.