Professor Mehmet Yücesoy: Azərbaycan səhiyyəsinin uğurları bizi sevindirir
Bakı, 13 sentyabr (AZƏRTAC). Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlar bizi sevindirir. Ölkənizdə gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Qürurla demək olar ki, Azərbaycan səhiyyəsi dünya standartlarına uyğun inkişaf yolu tutmuşdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin Bakıda keçirilən XIII beynəlxalq konqresinin iştirakçısı Türkiyənin Erciyes Universitetinin professoru Mehmet Yücesoy demişdir.
Səhiyyəmizin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz dərəcədə fərqləndiyini qeyd edən türkiyəli professor bildirmişdir ki, hazırda Azərbaycanda qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının aparılması adi hala çevrilmişdir. Bu isə ilk növbədə Azərbaycan səhiyyəsində uğurla aparılan islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin nəticəsidir.
Mehmet Yücesoy bu beynəlxalq tədbirin Bakıda keçirilməsini də səhiyyəmizin uğuru kimi qiymətləndirmiş və azərbaycanlı həmkarlarının gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına əminliyini dilə gətirmişdir.