CƏMİYYƏT
PROFESSOR RƏŞİD TALIŞİNSKİNİN 80 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun birgə təşkilatçılığı ilə professor Rəşid Talışinskinin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Sənan Kərimov bildirmişdir ki, 140-dan çox elmi əsərin müəllifi olan görkəmli alim R.Talışinski ilk dəfə olaraq lazer şüasının sümük toxumasına təsiri haqqında məqalə dərc etmişdir. 10-dan çox ixtirası olan dünya şöhrətli alimin adını daşıyan iki cərrahi əməliyyat üsulu var. Bu üsullardan hazırda dünyanın bır sıra ölkələrində istifadə olunur. Natiq demişdir ki, professor eyni zamanda sadiq dost, gözəl ailə başçısı olmuşdur.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev R.Talışinskinin həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında danışmışdır.
Konfransda “Döş fəqərələri vərəminin cərrahi müalicəsi”, “Müştərək travmalar zamanı borulu sümüklərin sınıqlarının erkən osteosintezi”, “Biomaterialların travmatologiyada və ortopediyada tətbiqi” və digər mövzularda məruzələr dinlənilmişdir.
######