Professor Yaşar Qarayev ədəbi tənqidin inkişafına böyük töhfə verib
Bakı, 5 mart, AZƏRTAC
Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yaşar Qarayevin Azərbaycan ədəbi, elmi və ictimai fikir tarixində xüsusi yeri olub. Onun ədəbiyyatın inkişaf yolları, problemləri, tarixi, bu günü və perspektivləri ilə bağlı fundamental tədqiqatları ədəbiyyatşünaslığımıza dəyərli töhfələr verib.
AZƏRTAC professor Yaşar Qarayevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Yaşar Vahid oğlu Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib, 1963-cü ildə filologiya üzrə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə professor elmi adını alıb.
1959-cu ildən Azərbaycan Elmlər Akademiyasında əmək fəaliyyətinə başlayıb. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun şöbə müdiri (1975-1981), elmi işlər üzrə direktor müavini (1981-1985), daha sonra direktoru vəzifələrində çalışıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Otuz səkkiz monoqrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr, teatrşünaslıq, ədəbi tənqid və publisistika, estetika, mədəniyyətşünaslıq onun yaradıcılığının əsas istiqamətləridir. Bədii metod nəzəriyyəsi, Renessans və maarifçilik, ədəbi proses, ədəbiyyat tarixçiliyində, ədəbi tənqiddə analitik-nəzəri məktəb və üslub alimin yazdığı tədqiqat əsərlərinin əsas mövzu və problemlərini təşkil edib. Azərbaycanda milli ədəbi inkişafın mərhələ təsnifi və bədii tipologiyası haqqında yeni konsepsiya da ilk dəfə alimin “Tarix: yaxından və uzaqdan” (1996) kitabında irəli sürülüb və “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər” (2002) kitabında elmi həllini tapıb. Bu məsələlər, həmçinin “Faciə və qəhrəman” (1965), “Azərbaycan realizminin mərhələləri” (1980), “Meyar - şəxsiyyətdir” (1988), “Min ilin sonu” (2002) və digər kitablarında öz əksini tapıb.
Milli bədii-estetik fikir tarixində, ədəbi düşüncə və tənqidin inkişafında diqqətəlayiq xidmətləri olan Yaşar Qarayevin bütün elmi fəaliyyəti azərbaycançılıq ideyalarına sədaqətlə xidmətin rəmzidir. Azərbaycanın qonşu ölkələrlə elmi-ədəbi əməkdaşlığının gücləndirilməsi naminə alimin göstərdiyi səylər ədəbiyyatın xalqlar arasında mənəvi-mədəni körpüyə çevrilməsi işinə xidmət edib. Görkəmli alimin məqalələri Türkiyə, Rusiya, İraq və İranda elmi nəşrlərdə dərc edilib.
Professor Yaşar Qarayev “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə Əlaqələndirmə Şurasının (1985-2002), Ədəbiyyatşünaslıq üzrə müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, bir sıra elmi və bədii şuraların üzvü olub. Çingiz Aytmatov Akademiyasının, Atatürk Araşdırmalar Mərkəzinin, Şəhriyar Konqresinin üzvü seçilib.
Görkəmli alim səmərəli elmi fəaliyyətlə yanaşı, yüksəkixtisaslı kadrlar hazırlanması üçün də böyük əmək sərf edib. Rəhbərliyi altında onlarca elmlər namizədi və doktoru yetişib.
Tənqidçi və ədəbiyyatşünas alimin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1980-ci ildə “Poeziya və nəsr” kitabına görə Dövlət Mükafatına, 1982-ci ildə isə filologiya elminin inkişafı və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına görə “Əməkdar elm xadimi” adına layiq görülüb.
Professor Yaşar Qarayev 2002-ci il avqustun 25-də Bakıda vəfat edib. Onun elmi irsi alimlər üçün bu gün də qiymətli mənbədir.