CƏMİYYƏT
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi avqustun 9-da keçiriləcək
![Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi avqustun 9-da keçiriləcək](/files/2019/2/1200x630/1564666625829425846_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul edilmək arzusunda olan şəxslər üçün vakant 80 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 2-də saat 18:00-da başa çatacaq.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə avqustun 9-da saat 10:00-dan başlayaraq üç saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçirilməsi nəzərdə tutulur.
Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər avqustun 7-8-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcək.
Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 2019-cu il 1 iyul tarixdə kütləvi informasiya vasitələrində dərc edilib, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.
Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.