PSİXOLOJİ PROBLEMLƏRİ OLAN GƏNCLƏR PULSUZ PSİXOLOQ YARDIMI ALA BİLƏCƏKLƏR
Bakı, 23 oktyabr (AZƏRTAC). 14-29 yaşda olan və mənəvi böhran vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardımın göstərilməsi üçün krizis telefon xətti açılmışdır.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, 510 66 36 nömrəli krizis telefon xətti nazirlik tərəfindən dəstəklənən və “İnkişaf naminə təşəbbüs” İctimai Birliyi tərəfindən həyata keçirilən layihədir. Xidmət pulsuz və anonimdir. Xətdə xüsusi hazırlıq keçmiş peşəkar psixoloq və mütəxəssislər suallara cavab verirlər. Hazırda gənclərə əyani dəstək göstərilməsi üçün krizis telefon xətti 6 dövlət və 4 qeyri-hökumət xidmətləri ilə əlaqə yaratmışdır.
Gənclərin problemləri ilə əlaqədar bu xəttə valideynlərdən, yaşlı əhalidən də zənglər gəlir. Abonent tərəfindən qaldırılıan bütün məsələlər xüsusi hazırlanmış “krizis vəziyyətlərin kodifikatoru”na əsasən məlumat bazasına daxil edilir. Bu da ətraflı və etibarlı məlumat bankını formalaşdırmağa, hazırda gənclərin hansı problemlərlə üzləşdiyini araşdırmağa imkan yaradır.
İnsana qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə aludəlik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, ailədaxili konfliktlər və s. gəncin krizis vəziyyətinə düşməsinə səbəb ola bilər. Bu kimi hallarda gənc insana psixotrop dəstək göstərilmədikdə qeyri-adekvat addımların atılması - məsələn, başqalarına və ya özünəqəsd, psixoaktiv maddələrdən istifadə və s. mümkündür.