PZR testləri digərlərindən fərqli olaraq, yeni ştamları da müəyyən edir
Bakı, 22 fevral, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasını aşkar etmək üçün müxtəlif metodlar olsa da, PZR testi ən effektiv metod hesab edilir. Hazırda Azərbaycanda təsdiqləyici test kimi də məhz PZR testləri qəbul edilir. Bununla belə, vətəndaşların koronavirusa yoluxub-yoluxmadıqlarını ev şəraitində yoxlaması üçün ekspres testlərin istifadəsinə də qadağa qoyulmayıb. Həmin ekspres testlər bütün apteklərdə satılır. PZR testləri isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusu aşkarlayan ən yüksəkkeyfiyyətli test kimi qiymətləndirilir. Ekspres testlərin effektivliyi PZR testlərlə müqayisədə çox zəifdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, dosent İsmayıl Əfəndiyev deyib.
O bildirib ki, beynəlxalq normaya görə, müvafiq testlərin nəticələrini düzgün hesab etmək üçün onların həssaslıq faizi ən az 75 faiz olmalıdır: “Təəssüflər olsun ki, hazırda koronavirusun yeni ştamları ilə əlaqədar olaraq ekspres testlərin həssaslıq faizi aşağıdır. Bu, həmin testin nəticələrinin düzgünlüyünə şübhə yaradır. Bəzi tədqiqatların nəticələrinə görə, ekspres testlərin həssaslıq göstəricisi 50 və ya 40 faizdir. PZR test üsulu isə həm dəqiqdir, həm də digərlərindən fərqli olaraq, yeni ştamları da müəyyən edir. Həmçinin qeyd etmək lazımdır ki, PZR testləri nümunələrin laboratoriya şəraitində emalından sonra nəticəni dəqiq göstərə bilir. Ekspres testlərini isə laboratoriya şəraitində yoxlamaq, ümumiyyətlə, mümkün deyil. Ona görə də bu testin nəticəsinin pozitiv olması virusun təsdiqedicisi hesab edilə bilməz”.