Qadın sahibkarlar işğaldan azad olunmuş ərazilərimizdə biznes qurmağa maraq göstərirlər
Bakı, 24 may, AZƏRTAC
Qadın sahibkarlar işğaldan azad olunmuş ərazilərimizdə biznes qurmağa da maraq göstərirlər. Müvafiq məqsədlə KOBİA-ya daxil olmuş müraciətlərin 80-ə yaxını qadın sahibkarlara məxsusdur. Layihələr ticarət, xidmət, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələri əhatə edir.
Bu barədə AZƏRTAC-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov söyləyib.
O.Məmmədov qeyd edib ki, ötən ilin sonlarında ölkəmizdə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun qəbul edilib. Sənəddə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri və istiqamətləri müəyyən edilir ki, burada qadın sahibkarlığının təbliğinə dövlət dəstəyinin göstərilməsi xüsusi istiqamət kimi öz əksini tapıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib: “Düşünürəm ki, sözügedən sənədlər ölkədə sahibkarlığın, o cümlədən qadın sahibkarlığın inkışafının daha da sürətlənməsinə xidmət edəcəkdir. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkəmizin dayanıqlı inkişafının daha etibarlı təmin edilməsi istiqamətində qadın sahibkarlığının potensialından mümkün qədər geniş istifadə olunmasına nail olacağıq”.