İDMAN
Qadınlardan ibarət millimiz İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla əlaqədar olaraq, yarışda iştirak edəcək cüdo üzrə qadınlardan ibarət millimiz Bakı şəhərində təlim-məşq toplanışındadır.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, federasiya prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham qadınlardan ibarət millinin təlim-məşq toplanışını izləyib, idmançıların hazırlığı ilə maraqlanıblar.
Təlim-məşq toplanışında sonuncu U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin mükafatçıları arasından seçilmiş idmançılar da iştirak edirlər. Onlar qadınlardan, gənc və yeniyetmə qızlardan ibarət yığmalarımıza gələcək yarışlara hazırlaşmağa kömək etməklə yanaşı, öz ustalıq səviyyələrini də artırırlar.
Avqustun 8-də İslam Həmrəyliyi Oyunlarında iştirak üçün qadınlardan ibarət komandanın 7 üzvü Türkiyəyə yola düşəcək. Onlar avqustun 15-16-da fərdi yarışlarda, 17-də isə komanda turnirində iştirak edəcəklər.
Baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında qadınlar arasında islamiadada ölkəmizi Leyla Əliyeva, Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq) təmsil edəcəklər.