QADINLARIN İNTELLEKTUAL SƏVİYYƏSİNƏ GÖRƏ, AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA BİRİNCİDİR
Parlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışmışdır. Bildirmişdir ki, qadın hüquqlarının müdafiəsi ölkə Konstitusiyasının müvafiq müddəalarında və ümummilli lider Heydər Əliyevin vaxtı ilə imzaladığı fərman və sərəncamlarda da əksini tapmışdır. Hazırda bu sahə ilə əlaqədar çox mühüm qanunlar hazırlanır. Sizin səfəriniz “Kişi və qadınların hüquq (gender) bərabərliyi haqqında” qanun layihəsinin müzakirəsi dövrünə təsadüf edir. Qanunla qadınların hüquqlarının müdafiəsi təmin olunacaqdır. Ümumiyyətlə, qadınların hüquqlarının təmin olunması və qadınların intellektual səviyyəsinə görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birincidir. Qadınlarımız ölkə həyatının bütün sahələrində təmsil olunurlar. Bu gün parlamentdə, icra, məhkəmə strukturlarında, eləcə də biznes sahəsində çalışan çoxlu qadınlarımız vardır. Buna baxmayaraq bu sahədə problemlərimiz də vardır, amma onlar da tədricən öz həllini tapacaqdır.
Xanım Vera Oskina demişdir ki, Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana gəlişindən məqsəd region ölkələrində qadınların vəziyyətinə dair hesabat hazırlamaqdır. AŞPA-nın yay sessiyasında müzakirəyə təqdim olunacaq məruzədə əsasən qadınların ictima-siyasi proseslərdə iştirakı, qadın sağlamlığı ilə bağlı dövlət siyasəti, nikahın bağlanmasında qanunvericilik, qadınlara qarşı zorakılıq və qadın alveri məsələləri əksini tapacaqdır. O bildirmişdir ki, Azərbaycanda artıq bir sıra görüşlər keçirmiş, qadın islah əmək müəssisəsinə baş çəkmişdir. Aldığı məlumatların və gördüklərinin onda xoş təəssüratlar yaratdığını vurğulayan Vera Oskina bu halların məruzədə əks olunacağını bildirmişdir.
Sonra Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyanın sədr müavini Gültəkin Hacıyeva, deputatlar Məlahət Həsənova və Elmira Axundova ölkəmizdə qadınların, uşaqların hüquq və azadlıqlarının müdafiəsindən, ölkədə yaradılmış ailə-sağlamlıq mərkəzlərinin rolundan, qanunvericilik sahəsində görülmüş işlərdən, eləcə də qadınlarımızın beynəlxalq tədbirlərdə uğurlu iştiraklarından danışmışlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu sahədə də yaratdığı ciddi problemlər, çadır şəhərciklərində ağır, dözülməz şəraitdə yaşayan qadınlarımızın, uşaqlarımızın sosial-psixi durumuna, səhhətinə vurduği ziyan barədə qonağa ətraflı məlumat verilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi olmuşdur.