SİYASƏT
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin erməni katalikosu 2-ci Qaraginlə telefon danışığı olmuşdur.
Bu, son 15 ildə Şeyxülislamın Eçmiədzinlə ilk telefon əlaqəsidir. Bütün Qafqazın Şeyxini belə bir addımı atmağa vadar edən, bu il yanvarın 8-də erməni silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri Elməddin Abıyevin taleyindən narahatlığı olmuşdur. A.Paşazadə həmsöhbətinə demişdir ki, onun sələfləri, habelə özü ilə danışıqlarda və qəbul olunmuş bütün sənədlərdə hər iki tərəf əsir və girov götürülmüş şəxslərin azad edilməsinin əhəmiyyətini vurğulamışlar.
Qeyd olunmuşdur ki, Eçmiədzin tərəfinin Elməddin Abıyevin azad olunması üçün səyləri bu yaxınlarda dini liderlərin nəzərdə tutulan görüşü üçün yaxşı zəmin olardı.
2-ci Qaragin bildirmişdir ki, Şeyxülislamın xahişinin müsbət həlli üçün əlindən gələni əsirgəməyəcək və bununla bağlı Ermənistan prezidenti Robert Koçaryana müraciət edəcəkdir.