SİYASƏT
Qafqaz Müsəlmanları İdarəsi sədrinin yubileyinin Gürcüstanda dövlət səviyyəsində qeyd olunması dinlərarası anlaşmanın gözəl nümunəsidir
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlər şeyxülislamı 65 illik yubileyi münasibətilə təbrik edib, ona ən xoş arzularını bildiriblər. Qafqazın şeyxülislamının bölgə üçün gördüyü işləri yüksək dəyərləndirən nazirlər onun Ümumgürcüstan katolikos-patriarxı II İlia ilə qardaşlıq və səmərəli əməkdaşlığının böyük dəyər kəsb etdiyini və qonşu xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə, tarixi-mənəvi əlaqələrin qorunub saxlanılmasına əhəmiyyətli töhfə verdiyini minnətdarlıqla vurğulayıblar.
Nazirlər QMİ sədrini Gürcüstanın ali dövlət ordeni ilə təltif olunması münasibətilə də təbrik ediblər.
Görüşdə iştirak edən Milli Məclisin deputatları adından çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğunun əbədi olduğunu bildirib.
Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşeyin və Dağ Yəhudiləri İcmasının başçısı Melih Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A. Paşazadənin yubileyinin Gürcüstan dövləti tərəfindən belə yüksək səviyyədə qeyd olunmasını olduqca yüksək qiymətləndirib, bunu bölgəmiz üçün dinlərarası anlaşmanın gözəl nümunəsi kimi dəyərləndiriblər.
Daha sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin 65 illik yubileyi münasibətilə ziyafət təşkil edib.
Ziyafətdə çıxış edən İrakli Qaribaşvili yubilyarı təbrik edib, ona Azərbaycan və Gürcüstan xalqları qarşısında tarixi xidmətlərinə, bölgədə sülh və əmin-amanlıq üçün gördüyü böyük işlərə görə təşəkkürünü bildirib. O deyib ki, bu gün Gürcüstan Qafqazın şeyxülislamının doğum gününü bayram kimi qeyd edir, Allahşükür Paşazadə Gürcüstan dövlətinin ali mükafatı ilə təltif olunub. Baş nazir vurğulayıb ki, şeyxülislam hər zaman Gürcüstanda belə bir səmimiyyətə, dəstək və ehtirama əmin ola bilər. İ.Qaribaşvili bütün bunları qonşu dövlətlərimiz arasında dostluq və qardaşlığın bariz nümunəsi kimi dəyərləndirib.
Daha sonra Ümumgürcüstan katolikos-patriarxı II İlia, hökumət üzvləri, elm xadimləri çıxış edərək yubilyarı təbrik ediblər.
Azərbaycan Milli Məclisinin deputatları Fəttah Heydərov, Siyavuş Novruzov, Eldar İbrahimov, Hüseynbala Mirələmov ölkələrimiz arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işləri yüksək dəyərləndirərək, şeyxülislama göstərilən böyük ehtirama görə gürcü xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.
Şeyxülislam A. Paşazadə ona göstərilən böyük diqqət və ehtirama görə Baş nazir İ. Qaribaşvilinin timsalında Gürcüstan dövlətinə, hökumətinə və xalqına minnətdarlığını bildirib, bundan sonra da Ümumgürcüstan katolikos-patriarxı II İlia ilə birlikdə xalqlarımızın qardaşlığı, bölgədə sülh və əmin-amanlığın inkişafı üçün səylərini əsirgəməyəcəklərini xüsusi vurğulayıb.
Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.