Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunan dəyirmi masa
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Dəyirmi masada Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzəsində 44 günlük Vətən müharibəsinin nəticələrini təhlil edib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmən əzildi və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi daxil oldu.
İnstitutun elmi katibi dosent Südabə Hüseynova, şöbə müdirləri tarix elmləri doktoru Qasım Hacıyev, dosent Vahid Ömərov, Liliya Mirzəzadə, Günel Musayeva 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini bildiriblər.