Qalib ölkənin qələbə sevinci - Zəfər Günü
Bakı, 6 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Mərasimdə çıxış edən institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 2020-ci ilin 8 noyabrı Azərbaycanın tarixinə şanlı Zəfər Günü kimi daxil olan, Qarabağa qovuşduğumuz tarixi gündür: “Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı və parlaq səhifəsinə çevrildi. Otuzillik erməni işğalına son qoyan bu tarix xalqımıza son 200 illik bir dövrdə indiyə qədər yaşamadığı sevinci yaşadıb, vətəndaşlarımızı qalib ölkənin qürurlu vətəndaşına çevirib. 2023-cü il sentyabrın 19-da başlayıb 23 saat 43 dəqiqə çəkən lokal antiterror tədbirləri nəticəsində isə bu sevincimiz daha da artdı. Beləliklə, suverenliyimiz və Konstitusiya quruluşu bütün ölkə ərazisində bərpa olundu”.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisi Leyla Vahidzadə “Qalib ölkənin qələbə sevinci” adlı təqdimatla çıxış edib.
Daha sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş edilib.
İnstitutun alimi Nusrət Əliyev bu gününün tarixi əhəmiyyəti ilə bağlı öz fikirlərini bölüşüb, gənc nəslə arzu və tövsiyələrini çatdırıb.
Elmi müəssisənin icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Vətən müharibəsində ordunun, xalqın göstərdiyi qəhrəmanlıqdan, dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan bəhs edib. Qeyd edib ki, Zəfəri qazanmaq qədər onu qorumaq da şərəfli bir borcdur.
“Bu şərəfli vəzifə bizə və gələcək nəsillərə aiddir. Biz bu Vətənin övladı olaraq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, Azərbaycanın, Qarabağ torpaqlarının yenidən çiçəklənməsi üçün əlimizdən gələni etməliyik”, - deyə Əfsun Sucayev əlavə edib.