QARA DƏNİZ BİZNES FORUMUNUN İŞTİRAKÇILARINA
Sizi ürəkdən salamlayır və Qara Dəniz Biznes Forumunun işə başlaması münasibətilə təbrik edirəm.
Dünya iqtisadiyyatına inteqrasiya hər bir ölkənin inkişafında mühüm rol oynayır. Müasir dövrdə ölkələrarası iqtisadi əlaqələrin genişlənməsi həmin ölkələrin bu əməkdaşlıqdan qarşılıqlı faydalanması ilə yanaşı, dünyada gedən qloballaşma prosesində onların fəal iştirakı üçün əlverişli imkanlar açır. Bu baxımdan regional əməkdaşlığın əhəmiyyəti çox böyükdür.
Şərqin və Qərbin qovuşuğunda yerləşən Azərbaycan “Tarixi İpək yolu” vasitəsilə Qara dəniz hövzəsi dövlətləri ilə çoxəsrlik ticarət əlaqələrinə malikdir. Qara dəniz hövzəsi, eyni zamanda, ölkəmizin Avropaya inteqrasiyasında da körpü rolunu oynayır. Təsadüfi deyil ki, keçən əsrin sonlarında Qara dəniz və Xəzər dənizi hövzəsində yerləşən ölkələrin inkişafına dəstək və onların arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə yaradılan Qara Dəniz Ticarət və İnkişaf Bankı çox qısa dövr ərzində sürətlə inkişaf edərək, ən nüfuzlu regional təşkilatlardan birinə çevrilmişdir. Azərbaycan Respublikası regionda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına dəstək verən və vacib layihələrin maliyyələşdirilməsində fəal iştirak edən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığa xüsusi diqqət yetirir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı Müdirlər Şurasının toplantısının və bu tədbir çərçivəsində keçirilən biznes forumun Azərbaycanda təşkili sürətli iqtisadi inkişaf dövrünü yaşayan ölkəmiz üçün əlamətdar hadisədir. Məlumdur ki, sosial-iqtisadi tərəqqi yalnız sahibkarlığın inkişafına dövlət dəstəyi və ölkələr arasında qarşılıqlı səmərəli biznes əlaqələrinin mövcudluğu şəraitində mümkündür. Ona görə də biz inanırıq ki, Bankın gördüyü işlər regionda əlverişli biznes mühitinin formalaşmasına və nəhəng layihələrin həyata keçirilməsinə təkan verməklə, bütövlükdə ölkələrimizin tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Əminəm ki, gələcəkdə də işlərin bu istiqamətdə aparılması regionda, o cümlədən Azərbaycanda iqtisadiyyatın inkişafına öz dəyərli töhfəsini verəcəkdir.
Bugünkü tədbirin Qara dəniz və Xəzər dənizi hövzəsində yerləşən ölkələr üçün əhəmiyyətini bir daha vurğulamaqla, Sizə işinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2006-cı il.