QARA DƏNİZ HÖVZƏSİ ÖLKƏLƏRİNİN UNİVERSİTETLƏRİ ŞƏBƏKƏSİNİN II KONQRESİNİN YEKUNUNA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI
Xəbər verdiyimiz kimi, Bakıda Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsinin II konqresi keçirilmişdir. Konqresin işində Azərbaycan, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Albaniya, Ukrayna, Bolqarıstan ali məktəblərinin nümayəndələri iştirak edirdilər.
Sentyabrın 13-də konqres Crescent Beach hotelində öz işini davam etdirmişdir. Konqresdə Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsinin keçmiş prezidentləri Adrian Bavaru, Suha Sevuk, İstanbul Universitetinin prorektoru professor İbrahim Yıldırım, Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov, Azərbaycan Pedaqoji Universitetinin rektoru, professor Bəhlul Ağayev və başqaları çıxış etdilər. Qarşıdakı dövrdə mərkəzi Azərbaycanda olacaq QDHÖUŞ-yə BDU-nun rektoru A.Məhərrəmov prezident seçildi.
Elə həmin gün tədbirin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirildi.
Bakı Dövlət Universitetinin rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov mətbuat konfransını açaraq, konqresin yekunu barədə danışdı, Azərbaycandan 12 universitetin bu Şəbəkəyə daxil olduğunu bildirdi.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verildi.