“QARABAĞ” – “ZİMBRU” GÖRÜŞÜNƏ HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI
İyulun 26-da “Qarabağ”ın baş məşqçisi Böyükağa Ağayev və “Zimbru” klubunun çalışdırıcısı İvan Tabanovun iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
“Qarabağ”ın baş məşqçisi komandada ab-havanın yüksək səviyyədə olduğunu bildirərək, futbolçuların oyuna tam hazır çıxacaqlarını vurğulamışdır. O, bir neçə futbolçunun zədələnməsinə baxmayaraq, rəqibə layiqli müqavimət göstərmək üçün hər mövqeyə güclü oyunçu çıxara biləcəklərini söyləmişdir.
“Zimbru” komandasının baş məşqçisi isə Ağdam klubunun texnikalı oyun nümayiş etdirdiyini, komandamızın heyətində xüsusilə Romal Hüseynov, Samir Musayev və Sergey Sokolovun yüksək futbolçu keyfiyyətləri ilə fərqləndiyini nəzərə çarpdırmışdır.
Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcəkdir. Baş hakimi Rusmir Mirkoviçdir.
Qeyd edək ki, “Qarabağ” qələbə qazanacağı təqdirdə UEFA kuboku turnirində mərhələ keçən ilk Azərbaycan klubu ola bilər.