SİYASƏT
Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş torpaqlarımıza layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq
![Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş torpaqlarımıza layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq](/files/2021/1/1200x630/1609858671602238687_1200x630.jpg)
Bakı, 5 yanvar, AZƏRTAC
Bu gün dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib məsələlərdən biri də azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa edilməsidir. Təsəvvür edin ki, işğaldan azad edilmiş ərazilərdə bir dənə də olsun salamat bina yoxdur. Kommunal infrastruktur, yol, inzibati və yaşayış binaları demək olar ki, tamamilə məhv edilib. Bu baxımdan, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsində, Qarabağa layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasının ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacağını bildirən S.Vəliyeva qeyd edib: “Əlbəttə, ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Bu gün heç kəs şübhə etmir ki, qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək. Bütün bu proseslər də Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu da işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin olunmasında, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasında, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsində mühüm əhəmiyyət daşıyacaq”.
Deputat diqqətə çatdırıb ki, Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edəcək. “Fərmana əsasən, ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirəcək Qarabağ Dirçəliş Fondunun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Bu mənada, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədinə mühüm töhfə olacaq”, - deyə S.Vəliyeva bildirib.