Qarabağ Universitetinin müəllim və tələbələri Xankəndidə konsert proqramı ilə çıxış ediblər
Xankəndi, 24 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin konserti olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konsertdə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif janrlarını əhatə edən əsərlər təqdim olunub.
Konsert proqramı Aslan Muradoğlu və saz sinfinin tələbələrinin ifasında “Ovşarı” aşıq havası ilə başlayıb. Ardınca Teyyub Dəmirovun Aydın Əliyevin işləməsində “Yeni rəqs” əsəri Aydın Əliyev və tələbələrinin ifasında səsləndirilib. Proqramda, həmçinin Adil Bəbirovun “Bənövşə”, Hacıbaba Həsənovun “Yağma yağış”, “Çahargah” kompozisiyası və “Şur rəngi” təqdim olunub. Konsertin əsas hissələrindən birini xanəndəlik və muğam ifaları təşkil edib. Xan Şuşinskinin “Şuşanın dağları” mahnısı Səbinə Ərəbli və tələbələrinin ifasında, Hüseynağa Səmədovun (tar), Xalq artisti Elşən Mansurovun (kamança) və İlqar Süleymanlının (nağara) müşayiəti ilə səsləndirilib.
Proqram çərçivəsində Əməkdar artist Səbuhi İbayev və Səma Soltanovanın ifasında “Segah” təsnifi, Əməkdar artist Ehtiram Hüseynovun tələbələrinin ifasında “Şur” təsnifləri təqdim edilib. Həmçinin “Qara xal yar” və “Qobustan” ritm kompozisiyaları tamaşaçılara səsləndirilib.
Konsert Əməkdar artist Firuz Səxavətin ifasında “Bir sən idin ömrümün bəzəyi” adlı “Şur” təsnifi ilə yekunlaşıb.
Müxbir – Tahir Ağaməmmədov