“Qarabağın sərvətləri” İşçi qrupunun ilk iclası keçirilmişdir
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 8-də “Qarabağın sərvətləri” işçi qrupunun birinci iclası keçirilmişdir.
Qeyd edək ki, “Qarabağın sərvətləri” işçi qrupu Azərbaycanın məruz qaldığı maddi, mədəni və mənəvi itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun, ənənəvi bazar dəyəri əsasında qiymətləndirilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılmışdır.
Qrupun rəhbəri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə heyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, professor Xanhüseyn Kazımlı AZƏRTAC-a bildirmişdir ki, bizim əsas məqsədimiz Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür itki və tələfatları Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun qiymətləndirilmək və dünya birliyi ölkələrində müvafiq təqdimatlar keçirməkdir. Bu toplantıda iki il əvvəl 35 nəfərlik peşəkar mütəxəssislərdən ibarət yaradılmış heyətin gördüyü işlərin hesabatı dinlənilmişdir.
Tədbirdə çıxış edən X.Kazımlı ilk növbədə Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsinə mane olan işğalçılıq siyasətinin hər cür mənfi halların tezliklə aradan qaldırılmasına imkan verən tədbirlərin görülməsində Prezident İlham Əliyevin çağırışlarına qoşularaq yüksək vətənpərvərliklə iştirak edən bütün iştirakçılara təşəkkür etmişdir.
Sonra o, hərbi təcavüz nəticəsində Azərbaycanın məruz qaldığı maddi, mədəni və mənəvi itkilərə görə, Ermənistandan təzminat tələb etmək hüququnun beynəlxalq təcrübəyə və qanunlara uyğun əsaslandırılması, itki və tələfatların növləri üzrə, həm də Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq qiymətləndirilməsini əhatə edən metodologiyanın hazırlanması, əhaliyə və dövlətə məxsus olan, lakin işğal olunmuş ərazilərdə qalmış bütün əmlak növlərinin, o cümlədən torpaqların (məhsuldarlığı nəzərə alınmaqla), su xətlərinin və su hövzələrinin, tarixi və təbiət abidələrinin, daşınar və daşınmaz əmlakın, kommunikasiya və nəqliyyat xətlərinin, yerüstü və yeraltı təbii sərvətlərin dəyərinin hesablanaraq beynəlxalq ictimaiyyət qarşısında təqdimatlarının keçirilməsi istiqamətində görülən işlər, təşkil olunan beynəlxalq seminarlar, simpoziumlar, konfranslar və digər tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda, Azərbaycan Respublikasının Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinin könüllərdən ibarət İşçi qrupunun uzun müddətli fəaliyyətinə verilən dəstəyə görə minnətdarlıq bildirilmişdir.
Sonda “Qarabagın sərvətləri” İşçi qrupu adından müraciət qəbul edilmişdir.