Qaradağ rayonunda Zəfər Günü ilə bağlı tədbir
Bakı, 8 noyabr, AZƏRTAC
Qaradağ rayonunda 8 Noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri və qazilər, Şura üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə əklil və çələnglər qoyublar.
Lökbatan qəsəbəsi, 28 May küçəsindən Heydər Əliyev parkının qarşısınadək bayraq yürüşü təşkil olunub.
Heydər Əliyev parkında Qaradağ rayonundan olan şəhidlərin həyat yolundan bəhs edən fotosərgi və 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin şagirdlərinin rəsm sərgisi təşkil edilib.
Zəfər Bayramına həsr edilmiş fləş-mob keçirilib.
Tədbirdə ölkəmizdə olduğu kimi, Qaradağ rayonunda da Prezident İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edilib.
Vətənə böyük sevgiləri olan qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.