“QAYALI”
AZƏRTAC xəbər verir ki, “UniPrint” nəşriyyatında Zərəngiz Dəmirçinin şeirləri və poemalarından ibarət “Qayalı” kitabı işıq üzü görmüşdür.
Qayalı müəllifin doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində onun özünün də mənsub olduğu nəslin adıdır. Zərəngiz xanım “Qayalı” adını yalnız nəslin adı kimi yox, həm də rəmzi qəbul etmişdir. O, tarixi dəyərləri yaşatmaq, ölməz adət-ənənələrə tapınmaq istəyi ilə bu adı götürmüşdür.
Kitabda verilmiş şeirlərin bir çoxunda müəllif içində nifrət ağacı bitirən göyərdən, qəzəb tonqalları qalayan insanlar “nə yeyir” sualına cavab verməyə çalışır. Onun qənaətincə, bu yeməyin adı həsəddir. Deyir ki, yarımçıqlıq, mənəvi şikəstlik, riyakarlıq həsədin aşpazıdır. Həsəd ağac olsaydı, meyvəsi mütləq zəhərli olacaqdı. Zərəngiz Dəmirçi insanları həsəddən, şərdən uzaq olmağa çağırır: “Şərdən uzaq olsa nə qədər insan, Rəhmət bəxş olunar ona Tanrıdan”. O, fikrini belə tamamlayır: “Şər işin, əməlin sonu bəllidir, Pisin adı birdir, donu əllidir, Yaxşı əməllərdə birini görsən, Yaxşılıq eyləyib yaxşılıq gör sən”.
Zərəngiz xanım anadır, dörd övlad böyüdür. Şeirlərində dünyanın təlatümlərindən narahatlıq övladlarının gələcəyindən nigarançılıqla üst-üstə düşür. Düşmənlərin çoxluğu ananı dəhşətə gətirir: “Düşmən qatar-qatar, Allah, Ahım səni tutar, Allah! Qulağına çatar, Allah, Dərd bizi qırdı qurtardı”. Bəs bu üsyankar ana nə istəyir? “Təkcə qızılgül tikanı ilə əllərimiz qanasın”, “Axar suyum, yanar odum, Təmiz hava bir udum, Daha heç nə istəmirəm”.
Hələ ki, ağbirçək deyilən yaşında deyil, amma sözlərinə qulaq asanda sanki ağbirçəyi dinləyirsən. Bir az da filosofluğu var: Güldən, şirə çəkər balın arısı, Şirədən nə çəkər çölün arısı? Yediyi şəkərdi, vurduğu zəhər, İnsanlar da belə, dünya, bu təhər”. Təəssüf ki, fəlsəfi düşüncə tərzi hərdən Zərəngiz xanımı bədbinliyə yuvarlayır: “Başdan dərdli köynəyəm mən, Qəlbim yuxa, kövrəyəm mən, Dünya boyda ürəyəm mən, Susmuşam, səs-səmirim yox!”
Xatırladaq ki, bu “susqun” xanımın “Qayalı”dan əvvəl “Haqqı sevdim”, “Vəfam mənim”, “Güllələnmişlər” kitabları nəşr edilmişdir.
Müəllif kitaba yazdığı ön sözdə sözünü bir səhər küləyi adlandırır. Bəlkə də bu, sözlərinin oxucuların ürəyinə sərinlik, təskinlik gətirəcəyinə inam hissindən irəli gəlir.
Beynəlxalq Kitab Evi İctimai Birliyinin dəstəyi ilə nəfis tərtibatda çap edilmiş kitaba şairin yüz altmışa yaxın şeiri, doqquz poeması daxildir. Nəşrin redaktoru şair-publisist Əlirza Xələflidir.
######
