Qaynaqçının iş yerində xəsarət alması ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 15 noyabr, AZƏRTAC
“Sem San” şirkətinin qara metalların əridilməsi sexində qaynaqçı vəzifəsində işləyən Akif Eyvazovun iyunun 2-də iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Gəncə Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla həmin müəssisənin rəisi vəzifəsində işləyən Xaləddin Mehtiyevin texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunması vəzifəsi həvalə edilmiş şəxs kimi vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən qaynaqçı Akif Eyvazovun sexdə metal balonunun partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti aldığı müəyyənləşdirilib.
Xaləddin Mehtiyev Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.