QAZ KƏMƏRLƏRİNİN ÇƏKİLİŞİNƏ HAZIRLIQ GÖRÜLÜR
Layihənin baş mühəndisi, sualtı kəmərlərin tikintisi şöbəsinin rəisi Mübariz Quliyevin sözlərinə görə, müqavilə üzrə iki 20 düymlük yüksək təzyiqli qaz kəmərinin çəkilişi nəzərdə tutulmuşdur. ''Günəşli'' yatağındakı 14 nömrəli platformadan 'Neft daşlarındakı qaz toplama məntəqəsinədək çəkiləcək birinci kəmərin uzunluğu 26 kilometrdir. 20 kilometrlik ikinci kəmər ''Günəşli''dəki 4 nömrəli platformadan Neft daşlarındakı 2 saylı Sıxıcı Kompressor Stansiyasınadək uzanacaqdır.
Kəmərlər çəkiləcək ərazi tam yoxlanılaraq öyrənilmişdir. Məsafə boyunca maneə yoxdur. Ərazidə dənizin maksimal dərinliyi 123 metr, minimal dərinliyi 11 metrdir. Kəmərlərin inşası məqsədilə Almaniyanın ''Mannesmann'' şirkətindən 52 kilometr yüksək keyfiyyətli borular alınmışdır. Almaniyadan Bakının EPEC zavoduna gətirilmiş borular burada betonlanaraq dənizə göndərilməyə hazırlanmışdır.
Qaz kəmərlərinin çəkilişini ''İsrafil Hüseynov'' borudüzən gəmisi həyata keçirəcəkdir. Tikinti işlərinə, həmçinin, ''Akademik Tofiq İsmayılov'' xüsusi dalğıc gəmisi də cəlb ediləcəkdir.