QAZAX OLİMPİYA İDMAN KOMPLEKSİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev Qazağa səfəri çərçivəsində əsası bir il əvvəl qoyulmuş Olimpiya İdman Kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısını kompleksin qarşısında rayon idmançıları hörmətlə qarşıladılar.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü, Avropa və dünya birinciliyinin mükafatçısı Firdovsi Umudov dövlətimzin başçısı ilə çəkdirdiyi fotoşəkli Prezident İlham Əliyevə təqdim edərək dedi:
-Cənab Prezident, Sizin keçən dəfə Qazağa gəlişiniz biz idmançılarda da ruh yüksəkliyi yaratdı. Yeniyetmələrimiz, gənclərimiz Avropa səviyyəli yarışlarda mükafatlar qazandılar. “Göyəzən” güləş klubu açmışıq, yaxşı fəaliyyət göstərir və nailiyyətlərimizi bundan sonra da davam etdirəcəyik. Qazandığımız uğurlara görə ümummilli liderimiz Heydər Əliyevə və Sizə borcluyuq. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra nailiyyətlərimiz artmağa başladı. Vaxtilə məşqləri belə komplekslərdə yox, klublarda, mədəniyyət saraylarında edirdik. İndi şükür Allaha, yetirmələrimiz uğurlarını artıracaqlar. Rayon rəhbərliyi, iş adamları da diqqət və qayğı göstərirlər.
Prezident İlham Əliyev idmançılarla görüşdü, onlara göstərilən diqqət və qayğının bundan sonra da artırılacağını bildirdi, problemləri ilə maraqlandı. Bu kompleks hazır olandan sonra Qazaxda idmana marağın artacağına, yerli idmançıların daha böyük uğurlar qazanacaqlarına, ölkəmizin şərəfini uca tutacaqlarına əminliyini vurğuladı.
Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.
“Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzinin rəhbəri Akim Bədəlov tikinti işləri barədə məlumat verərək bildirdi ki, kompleksin ətrafına bir və ikimərtəbəli 16 kottec, motel tipli mehmanxana da tikiləcək, beləliklə, gələcəkdə burada istirahət zonası da yaradılacaq və turizm üçün gözəl şərait imkanları olacaqdır. Kompleksdə futbol meydançaları, idman oyunları salonu, tennis kortları, digər idman qurğuları, Avropa standartlarına uyğun üzgüçülük hovuzu, məşq otaqları tikiləcəkdir. İşlərin xeyli hissəsi görülmüş, Almaniyadan, Türkiyədən lazımi avadanlıq və ləvazimat gətirilmişdir.
Prezident İlham Əliyev tikinti işlərini aparan şirkətin əməkdaşlarına təşəkkür etdi, bu obyektlərin istifadəyə verilməsinin əhalinin, xüsusən gənc nəslin sağlamlığına kömək edəcəyini, idmana marağın daha da artmasına səbəb olacağını söylədi. Bildirdi ki, Azərbaycanın bölgələrində Olimpiya komplekslərinin tikilməsi bundan sonra da davam etdiriləcəkdir.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, eyni zamanda, bəzi tövsiyələrini söyləyərək dedi: Motel tipli mehmanxana mütləq lazımdır. Qazaxda olan mehmanxana da yəqin yaxşı vəziyyətdə deyildir. Görülən hər bir iş dünya standartlarına cavab verməlidir. Çünki Qazax İpək yolunun üstündə yerləşir, qonaqlar olacaq, gəlib-gedənlər var. Burada konfransların, görüşlərin keçirilməsi üçün də lazımi salonların tikilməsi zəruridir. Gələcəkdə tələbat daha da çoxalacaqdır. Məsələn, indi Bakıdakı mehmanxanalarda yer yoxdur. Nə qədər tikilir, yenə də yer yoxdur. Gələcəkdə axın daha da çoxalacaqdır. İndi rayonlarda sürətli abadlıq, tikinti, quruculuq işləri gedir, qonaqlar çox olacaq, başqa rayonlardan gələnlər olacaqdır.
Çalışın ki, kompleksi nəzərdə tutulduğu kimi, iyulun 15-dək təhvil verin. Çox böyük obyektdir. Burada idman yarışları, digər tədbirlər keçiriləcək, konsertlər veriləcəkdir. Təkcə idmançılar yox, rayon sakinləri də gələcəklər. İdman kompleksi kimi yaranır, amma əslində, burada turizm və sairə üçün də şərait olacaqdır. Bir ildən sonra burada gözəl bir saray olacaqdır. Sizə uğurlar arzulayıram. Sağ olun.
X X X
Qazax rayonuna səfərin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş zona müşavirəsi keçirildi.
(Müşavirə barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).