Qazax rayon sakini olan üç nəfərdə narkotik vasitə və silah aşkarlanıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Qazax Rayon Polis Şöbəsinə rayon sakini, Şükür Məmmədovun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan marixuana əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, məlumat ilə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və Ş.Məmmədov şərti alıcıya narkotik vasitə satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman səkkiz ədəd kibrit qutusunda olan marixuana aşkarlanaraq götürülüb.
Qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Ceyhun Yəhyayev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin, metamfetamin, marixuana, güclü təsiredici gücə malik psixotrop həblər, şprislər və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Keçirilən növbəti əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ələddin Əfəndiyev yaxalanıb. Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı rayon ərazisində gizlətdiyini etiraf edib. Polis əməkdaşları əraziyə baxış keçirdiyi zamanı oradan bir ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid üç ədəd sandıqca və 21 ədəd patron aşkar edərək götürüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.