QAZAX ŞƏHƏRİNDƏ KÖRPÜNÜN AÇILIŞI
Prezident İlham Əliyev oktyabrın 11-də, Heydər Əliyev parkı ilə tanışlıqdan sonra Ağstafaçay üzərində salınmış, Qazax şəhərinin hər iki hissəsini birləşdirən körpünün təntənəli açılışı mərasimində iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov tikinti işləri barədə ətraflı məlumat verdi ki, yeni körpünün uzunluğu 114 metrdən çox, eni isə 14 metrdir. Əvvəllər burada olan körpü 1898-ci ildə salınmış, 2001-ci ilədək heç bir təmir işləri aparılmamışdı. Həmin ildə bu körpü güclü sel nəticəsində dağılmışdı. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, bu körpünün tikintisi daxili investisiya proqramına salınmışdı. Ən azı 100 ildən çox ömrü olacaq yeni körpü möhkəm təməllər üzərində tikilmişdir. Azərbaycanın digər bölgələrində də bu cür körpülər inşa edilir. İndiyədək 28 körpü istifadəyə verilmiş, birinin tikinisi başa çatmaqdadır.
Prezident İlham Əliyev körpünün texniki göstəricilərini əks etdirən baş planla tanış oldu, Azərbaycanı Gürcüstan sərhədi ilə birləşdirən İpək yolunun üzərində yerləşən və bərbad vəziyyətə düşmüş körpünün də yenidən qurulması üçün müvafiq göstəriş və tapşırıqlarını verdi. Bildirdi ki, gələn ilin investisiya proqramında da yeni körpülərin tikilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, istismar müddətini başa vurmuş bütün körpülər yenidən tikilməlidir.
Dövlətimizin başçısı tikinti işlərini 5 ay müddətində yerinə yetirən “Gəncəkörpütikinti” özəl şirkətinın inşaatçıları ilə görüşdü, onların iş sistemi, əmək haqqı ilə maraqlandı. Prezidentə məlumat verildi ki, burada çalışanlar ayda 800 min manatdan 1,5 milyon manata qədər əmək haqqı almışlar.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov dedi ki, cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev bu qayçı vasitəsilə bir neçə mühüm obyektin açılışında lenti kəsmişdir. Xatirə olaraq bu qayçını Sizə təqdim etmək istəyirik.
Dövlətimizin başçısı təşəkkürünü bildirərək dedi ki, hələ bundan sonra çoxlu sayda belə gözəl obyektlərin, körpülərin istifadəyə verilməsi münasibətilə lentlər kəsiləcəkdir. Bu qayçını saxlayın ki, gələcəkdə bizə hələ çox lazım olacaqdır.
Azərbaycan Prezidenti körpünü piyada keçdi, buraya toplaşan sakinlərlə görüşərək onları təbrik etdi.
Razılıqlarını böyük sevinclə ifadə edən qazaxlılar, ulu öndər Heydər Əliyevin nəcib siyasətini, xeyirxah işlərini uğurla davam etdirən Prezident İlham Əliyevə təşəkkürlərini bildirərək dedilər ki, sevinirik ki, xalqın qayğısına qalınır. Körpünün möhkəmliyi də ümid verir ki, Ağstafaçayda suyun səviyyəsinin artması daha heç bir təhlükə törətməyəcəkdir.
Prezident İlham Əliyev bundan sonra da əhalinin yaşayış səviyyəsinin, rahatlığının və sosial rifahının yaxşılaşması üçün mühüm tədbirlər görüləcəyini diqqətə çatdırdı.