Qazaxda Uşaq İncəsənət Festivalının birinci mərhələsinin yekunlarına həsr olunmuş tədbir keçirilib
Qazax, 2 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Respublikamızda istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədilə keçirilən Uşaq İncəsənət Festivalının 1-ci turu – rayon mərhələsi aprelin 29-da yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Qazax rayon Mədəniyyət Mərkəzinin qarşısında rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə iştirakı və təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalının 1-ci turuna - rayon mərhələsinin yekunlarına həsr olunmuş tədbir təşkil edilib.
Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə, mədəniyyət işçilərinə göstərdiklərini qayğını, onlarla olan görüşləri özündə əks etdirən fotolardan ibarət sərgi iştirakçılara təqdim olunub, Mərkəzin əməkdaşlarının hazırladıqları əl işləri nümayiş etdirilib.
Tədbirə gələn qonaqlar yaradılan rəngarəng guşələrlə tanış olduqdan sonra Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi məktəblərinin çıxışlarını dinləyiblər.
Daha sonra tədbir Ədəbiyyat Muzeyində təşkil olunmuş ustad dərsləri ilə davam etdirilib.