REGİONLAR
Qazaxın sərhəd kəndinin sakinləri İlaxır çərşənbəni necə qarşılayırlar? VİDEOREPORTAJ
Qazax, 19 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Bu gün Novruzun sonuncu çərşənbəsi – Torpaq çərşənbəsidir. Bu çərşənbəyə İlaxır çərşənbə də deyilib. İlaxır çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığını bildirir. Bu çərşənbə əksər bölgələrdə təntənəli keçirilir. Bəzən İlaxır çərşənbə Novruz bayramı kimi möhtəşəmliyi ilə yadda qalır.
AZƏRTAC xəbər verir ki, İlaxır çərşənbəni Qazax rayonunun Cəfərli kəndinin sakinləri də adət-ənənələrimizə uyğun qarşılayırlar. Düşmənlə üz-üzə olsalar da, bu, sərhəd kəndin sakinlərini əsla narahat etmir, əksinə, bayramlarını daha yüksək əhvali-ruhiyyə ilə keçirirlər.
Cəfərli sakinləri 30 il atəş altında yaşasalar da, bir erməni gülləsi belə indiyədək onları qorxutmayıb. Öz ata-baba yurdlarından bir addımda da çəkilməyiblər. İndi isə bütün kənd Novruza hazırlaşır.
Bu kəndin əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Kəndin 1300–dək əhalisi var. Həyətyanı sahələrdə artıq yaz tarla işləri yekunlaşıb. Artıq bu gün uşaqlı-böyüklü hər kəs yazın müjdəçilərindən sonuncu çərşənbəni qeyd edirlər. İlaxır çərşənbədə sakinlər digər çərşənbələrdəki kimi həyət-bacalarında təmizlik və abadlıq işləri görürlər. “Bizim bayram əhvali-ruhiyyəmiz olduqca yüksəkdir. Həyət-bacada təmizlik və əkin işləri görürük. Təbiət ayılır, ağaclara və torpağa qulluq zamanıdır. Biz adətən taxıl, kartof əkib-becəririk. Heyvandarlıqla da məşğuluq. Uzun müddət kənd erməniləri atəşi altında olsa da, bu, bizi heç zaman qorxutmayıb. Bu gün böyük sevinclə Novruzu qarşılayırıq. Hərə öz evində bayram hazırlıqları görür,” - deyə kənd sakini Nizami Quliyev bildirir.
Cəfərli kənd sakini Mehman Nəbiyev isə deyir ki, uşaq vaxtlarından həmişə onu “İlaxır çərşənbəsi” kəlməsindəki “İlaxır” sözü düşündürüb. Lakin çərşənbələri araşdırdıqda bu sualın cavabını tapmaq elə də çətin olmayıb. “Bizim kənddə İlaxır çərşənbə də digərləri kimi, yüksək səviyyədə qeyd edilir. Bu, sonuncu çərşənbə olduğundan demək olar ki, təbiətdə oyanışla bağlı baş verən proseslər də yekunlaşır. Daha sonra ölkəyə Novruz daxil olur. Bu çərşənbədə bir çox adət-ənənələr, ayinlər icra olunur. Uşaqlar evlərə papaq atır, bayram hədiyyəsi alırlar. Qız-gəlinlər qapı dinləməyə çıxırlar. Hər bir evdə indi qızğın bayram hazırlıqları görülür”, - deyə o əlavə edir.
Cəfərli kəndinin ağbirçəklərindən Elmira Əliyeva isə çərşənbə gecəsi üçün süfrənin təamlarının hazırlanmasına nəzarət edir. Artıq bir neçə ləziz yemək hazırdır. Adətən süfrələri aqaralı plov, dolma və digər milli yeməklərimiz bəzəyir. Onlar gecə papaq atan uşaqları sevindirməklə yanaşı, qonaq gedib, qonaq qəbul edəcəklər.