“Qəbələ” komandasının rəqibi Yunanıstanın “Panatinaikos” klubu
Bakı, 8 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlub olduqdan sonra digər turnirdə mübarizə aparmalıdır.
AZƏRTAC xəbər verir ki, 2014/2015-ci illər mövsümündə Yunanıstan superliqasında 34 oyunda 66 xal toplayaraq ikinci yeri tutan Afina təmsilçisi cari mövsümə qitənin ən nüfuzlu klub turnirində başlayıb. Belçikanın “Brügge” klubu ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn afinalılar səfərdə böyük hesablı məğlubiyyət alıb - 0:3. Nəticədə “Panatinaikos” mübarizəni Avropa Liqasında davam etdirməli olub.
1908-ci ildə yaranan komandanın artıq 107 yaşı var. “Panatinaikos” idman cəmiyyətinin nəzdində yaranan futbol klubu sonradan 23 bölməsi olan birlikdən ayrılıb. İlk gündən yaşıl formada meydana çıxan komanda ev oyunlarını 16 min tamaşaçı tutumuna malik “Apostolos Nikolaidis” stadionunda keçirir. Lakin daha böyük maraq doğuran qarşılaşmalarda “Panatinaikos” rəqiblərini Afinadakı 69 min 618 tamaşaçılıq Olimpiya stadionunda sınağa çəkir. “Panatinaikos”un digər Yunanıstan təmsilçisi “Olimpiakos” ilə qarşılaşmaları “Əbədi düşmənlərin derbisi” adlanır. Paytaxt təmsilçisi ölkənin ikinci populyar komandası sayılır. Klubun azarkeşlərinin sayı 1 milyonu keçir. Afina klubu superliqanın sələfi olan ümumyunanıstan çempionatında 6 dəfə çempion olub. Superliqada 20 çempionluq, 20 gümüş, 15 bürünc medal qazanan “Panatinaikos” 18 kubok əldə edərək, 8 dəfə “Qızıl dubl”a imza atıb. Beş dəfə də superkuboka yiyələnən komanda son illər əzəli rəqibinin kölgəsində qalıb. Komanda 2003/2004-cü illər mövsümündəki çempionluqdan sonra yalnız 1 dəfə - 2009/2010-cu illər mövsümündə qızıl medallara yiyələnib. Bu son iki çempionluq həm də “Qızıl dubl”la əlamətdar olub. Bundan sonrakı yeganə titul 2013/2014-cü illər mövsümündə ölkə kubokunun sahibi olmaqdır.
“Panatinaikos” Yunanıstanın beynəlxalq arenadakı ən yaxşı təmsilçisidir. Avrokuboklarda 1960-cı ildə debüt edən Afina komandası finala qədər də irəliləməyi bacarıb. 1970-ci ildə əfsanəvi Ferens Puşkaşı baş məşqçi postuna gətirən afinalılar tarixinin ən böyük uğurunu qazanıb. 1971-ci ildə Londonun məşhur “Uembli” stadionunda UEFA Çempionlar Liqasının finalında oynayan “Panatinaikos” Hollandiyanın “Ayaks” klubu ilə görüşüb. Amsterdamlılar 2:0 hesabı ilə qalib gəlsə də, qitələrarası kubokda oynamaqdan imtina ediblər. Uruqvay “Nasional”ı ilə qarşılaşan yunanlar burada məğlub olublar. 1985-ci ildə Çempionlar Liqasının yarımfinalında “Liverpul”a uduzan afinalılar üç il sonra UEFA kubokunda 1/4 finaladək irəliləyib. Yunanlar 1992-ci və 2002-ci illərdə Çempionlar Liqasında, 2003-cü ildə isə UEFA kubokunda 1/4 final həyəcanı yaşayıblar.
Baş məşqçisi Yannis Anastasiou, əsas qol silahları isveçli Markus Berq, yunanıstanlı Nikos Karelis, xorvatiyalı Mladen Petriç və Daniyel Pranyiç, nigeriyalı Abdul Ayaqun, əvvəllər “Çelsi”, “Real Madrid” və “Milan” klublarının da şərəfini qorumuş qanalı Maykl Essien olan rəqibimiz ötən mövsüm Yunanıstan superliqasında liderdən 12 xal geri qalmaqla yanaşı, Avropa Liqasının qrupunda da uğursuz çıxış edərək sonuncu olub. 2012/2013-cü illər mövsümündə də bu turnirin qrupundan çıxa bilməyən komanda, 2013/2014-cü illər mövsümündə avrokuboklardan kənarda qalıb.
Ümumiyyətlə, “Panatinaikos” avrokuboklarda 269 oyun keçirib. Afinalılar bu oyunların 95-də qalib gəlib, 65-də bərabərə qalıb, 103-də isə məğlub olub.