Qəbələdə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Qəbələ, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Qəbələ rayonundakı idarə və təşkilatlarda silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirlər planına uyğun olaraq rayondakı Şəhidlər Xiyabanında əsaslı təmir-bərpa və təmizlik-abadlıq işləri görülmüş, bütün orta məktəblərdə faciəyə həsr edilmiş xüsusi dərslər keçirilmişdir. Qəbələ rayonundakı Heydər Əliyev Mərkəzində, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində, Qəbələ rayon Mərkəzi Kitabxanada, şəhər 4 saylı orta məktəbdə keçirilən tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı barədə danışmışlar.
Qeyd edilmişdir ki, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi xalqımızn qan yaddaşı olmaqla yanaşı həm də Mixail Qorbaçov başda olmaqla cinəyatkar imperya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirir. O hadisələrdə öldürülənlər arasında beş millətin nümayəndələri, qadlar və uşaqlar da olmuşdur. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində güllələrə tuş gəlmişlər. Natiqlər faciəli günlərin canlı şahidi kimi gənclərə müstəqilliyimiz uğrunda şəhid olan insanların xatirəsini daim əziz tutmağı, onları heç zaman unutmamağı, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü daim qorumağı tövsiyə etmişlər.
Sonda tədbir iştirakçıları Qəbələ rayon uşaq yaradıcılıq mərkəzinin yetirmələrinin 20 Yanvar faciəsinə həsr edilmiş rəsm sərgisinə, 1 və 4 saylı tam orta məktəblərin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya və sənədli filmə baxmışlar.