Qəbələdə Dövlət Bayrağı günü qeyd edilmişdir
Qəbələ, 09 noyabr (AZƏRTAC). Qəbələ rayonunda Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Qəbələ şəhərinin mərkəzindəki Heydər Əliyev parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbir Qəbələ Mədəniyyət Mərkəzində davam etmişdir. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlətimizin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik simvoluna çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə, ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Qeyd olunmuşdur ki, bu gün müstəqillik yollarında qətiyyətlə addımlayan ölkəmiz Prezident İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi sayəsində sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Artıq iqtisadi inkişafın Azərbaycan modeli bir çox ölkələrə nümunədir.
Tədbirdə rayon mədəniyyət və incəsənət kollektivləri vətənpərvərlik və dövlətçilik mövzusuna həsr olunmuş rəngarəng konsert proqramı ilə çıxış etmiş, Azərbaycanın dövlət atributlarını tərənnüm edən kompozisiyalar nümayiş etdirmişlər.