Qəbələdə monitorinq qrupları tərəfindən karantin rejimi ilə bağlı reydlər davam edir
Qəbələ, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün nəzarət tədbirləri davam etdirilir. Rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət monitorinq qrupları xüsusi karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar.
Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 20-də keçirilən növbəti reyd zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin qorunmasının, ictimai yerlərdə tibbi maskalardan istifadənin vacibliyi izah edilib. Sakinlərə, həmçinin koronavirus infeksiyasının qarşısının alınması, sağlamlıqlarının qorunması üçün ölkədə həyata keçirilən peyvəndləmə prosesində fəal iştirak etmələri, kənarda qalmamaları tövsiyə olunub.