Qəbələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub
Qəbələ, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. Qəbələ Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi və “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əlil uşaqlar, onların valideynləri, müvafiq dövlət qurumlarının nümayəndələri, könüllülər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ölkəmizdə sağlamlıq imkanları məhdud, əlilliyi olan uşaqlara göstərilən dövlət qayğısından bəhs edilib, onların cəmiyyətə inteqrasiyası, istedadlılıq və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün davamlı tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Uşaqlar şən klounla birlikdə əyləncəli vaxt keçiriblər.
Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.