QƏBƏLƏNİN SU-KANALİZASİYA SİSTEMİNİN YENİDƏN QURULMASINA HAZIRLIQ GÖRÜLÜR
Qəbələ şəhərinin ötən əsrin 50-60-cı illərində inşa edilmiş su-kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə Dünya Bankının mütəxəssisləri tərəfindən aparılan texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılmışdır.
Qəbələ Rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, şəhər əhalisi bugünədək Dəmiraparan, Soyuqbulaq, Qaraçay və Duruca su mənbələrindən götürülən içməli sudan istifadə etmişdir. Həmin su mənbələrində mexaniki-kimyəvi təmizləyici qurğular yoxdur. Mövcud su kəmərlərinin istismar müddətini başa çatdırması su itkilərinə səbəb olur və şəhər əhalisinin yalnız 50 faizinə xidmət göstərməyə imkan verir. Mövcud kanalizasiya sistemi isə əhalinin yalnız 10 faizinin tələbatını ödəyir.
“Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” çərçivəsində işlərin görülməsi üçün Azərbaycan hökuməti və Dünya Bankı arasında 21 milyon ABŞ dolları dəyərində kredit sazişi imzalanmışdır. Layihənin həyata keçirilməsi, idarə olunması, mühəndis cizgilərinin hazırlanması və tikinti-quraşdırma işlərini aparacaq podratçı şirkətin müəyyən edilməsi üçün tender elan olunmuşdur.
Layihəyə əsasən, Qəbələ şəhərinin yeni su təchizatı sistemi Duruca çayın yerüstü sularından və Dəmiraparan çayın məcraaltı sularından ibarətdir. Dəmiraparan çayın məcrasında 30 metr dərinliyi olan 16 su quyusunun, magistral boru kəmərinin və təmizləyici qurğuların tikintisi üçün müvafiq torpaq sahələri ayrılmış, yer quruluşunun xəritəsi işlənib hazırlanmışdır.
Layihədə 2 ədəd 1000 kubmetrlik və 12 ədəd 500 kubmetrlik su anbarlarının tikintisi nəzərdə tutulur.
Layihənin icrasına bu ilin oktyabrında başlanılacaqdır.