QƏDİM ƏLYAZMALARDA ŞEYX NƏQŞBƏNDİ HAQQINDA ƏFSANƏ AŞKAR OLUNUB
Zamanın təsirindən bozarmış rəngli, ərəb hüsn-xəttilə yazılmış əlyazmaların rəngli surətlərini o, ötən yaz Tümendə “Süleyman qiraətləri” konfransında nümayiş etdirmişdir. Sandıqda saxlanmış əlyazmalar nəsildən-nəslə ötürülərək, günümüzədək gəlib çatmışdır. Sibir şeyxlərinin nəslindən olan R.Rəhimov onların mövcudluğu barədə gizlicə məlumat almışdı.
R.Rəhimovun dediklərinə görə, Kazan alimləri müəyyən etmişlər ki, Şərbikə Səid Çabbarovanın evində qorunub saxlanılan bu əlyazmalarda məlum bir əfsanə təsvir olunur. Əfsanədə 1394-1395-ci illərdə 366 Buxara şeyxinin və Şeybani xanın 1700 əsgərinin Sibirə gəlməsindən bəhs edilir. Onları İrtış çayının sahillərinə, guya Nəqşbəndi təriqətinin imamı, görkəmli sufi şeyxi Bahəddin Nəqşbəndi yeni dini təbliğ etmək üçün göndəribmiş.
Alimlər 366 şeyx haqqında rəvayəti gözəl əfsanə hesab edirlər. Çünki Tümen knyazlığının daxil olduğu Qızıl Ordada İslam rəsmi dövlət dini kimi artıq 1312-ci ildən mövcud idi. Bundan başqa, əlyazmada göstərilən tarixdə Buxara Teymurləngin hakimiyyəti altında olmuşdur. Bu isə əfsanədəki tarixlərə uyğun gəlmir.
Tədqiqatçıların fikrincə, şeyxlər, çox güman ki, Sibirə Kuçum xanın vaxtında, İslamı zorla yaymaq üçün deyil, onu təbliğ etmək üçün gəliblərmiş. Ümumiyyətlə, Tümen vilayətində sufi şeyxlərinin otuzdan artıq qəbiri məlumdur.