QİÇS-LƏ MÜBARİZƏ ÜÇÜN 50 MİLYARD DOLLAR AYRILACAQDIR
AZƏRTAC xəbər verir ki, ekspertlər əhalisinin dörddəbir hissəsi QİÇS virusu ilə yoluxmuş bəzi Cənubi Afrika ölkələrində demoqrafik fəlakət baş verəcəyini bildirirlər. ABŞ infeksiya ilə mübarizə proqramı qəbul etmişdir. Ağ ev konqresin həmin proqrama 50 milyard dollar ayırmaq qərarını alqışlamışdır.
Böyük səs çoxluğu ilə qəbul edilmiş qanun layihəsinə əsasən, 2013-cü ilədək hər il federal büdcədən 10 milyard dollar ayrılacaqdır. Bu vəsaitin 80 faizindən çoxu QİÇS-in qarşısının alınmasına və müalicəsinə sərf olunacaqdır.
Vəsait Prezident Corc Buş tərəfindən təsdiq olunmuş “QİŞS-lə mübarizəyə dair Fövqəladə plan” (PERFAR) çərçivəsində ayrılır. Həmin plan səhiyyə sahəsində bir ölkənin təşəbbüsü ilə irəli sürülən və konkret xəstəliklə mübarizəyə yönəldilən ən iri beynəlxalq aksiya sayılır. Bu proqram çərçivəsində ABŞ son beş ildə Afrikanın cənub hisəsində insanların QİÇS virusundan daha çox əziyyət çəkdiyi 15 ölkəyə xüsusi diqqət yetirməklə 120 ölkəyə 15 milyard dollar məbləğində yardım göndərmişdir.
Dünya bankı, BMT-nin idarələri, bir sıra ölkələrin hökumətləri, habelə özəl müəssisə və fondlar proqramın beynəlxalq tərəfdaşlarıdır.