QİÇS sağalmayan xəstəlikdir, amma ondan qorunmaq mümkündür
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində dövlət, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə “Unutmayaq və QİÇS-ə qarşı birləşək” şuarı altında tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru, professor Həqiqət Qədirova hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya Xatirə Günü kimi qeyd olunduğunu bildirmişdir. Demişdir ki, bu gün məhz onların xatirəsinin yad edilməsi bütün insanların QİÇS haqqında düşünməsi, irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin bu xəstəlikdən sığortalanmadığını anlaması, cəmiyyətin diqqətinin bu problemə yönəldilməsi, ictimaiyyətə düzgün informasiya çatdırmaq üçün keçirilir. Məlumat vermişdir ki, indiyədək 382 Azərbaycan vətəndaşı, o cümlədən 339 kişi və 43 qadın QİÇS-dən dünyasını dəyişmişdir. Bu xəstəlikdən vəfat edənlər Azərbaycanın 48 inzibati ərazi vahidinin sakinləridir. Ancaq ölüm halları daha çox Bakı və Abşeronda (107 nəfər), Lənkəranda (54 nəfər), Sumqayıtda (42 nəfər) qeydə alınmışdır. Əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu təhlükəli xəstəliyə yoluxanlar arasında kişilər üstünlük təşkil edir. Onların əksəriyyəti inyeksion narkotik istifadəçiləridir.
Həqiqət Qədirova bu xəstəliyin sosial problemlər doğurduğunu da diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ölkəmizdə QİÇS-dən vəfat etmiş insanların ailələrində 314 uşaq yetim qalmış, onlardan 22-si hər iki valideynini, 26-sı anasını, 266-sı isə atasını itirmişdir. Ölkəmizdə 2007-ci ildən etibarən QİÇS-dən ölənlərin sayı azalmağa başlamışdır. Bu, Səhiyyə Nazirliyinin İİV/QİÇS problemini daim nəzarətdə saxlaması sayəsində mümkün olmuşdur. Hazırda bütün dünyada, o cümlədən respublikamızda QİÇS-lə mübarizədə profilaktik tədbirlərə üstünlük verilir və əhali arasında təbliğat işləri gücləndirilir.
Tədbirdə bütün ölkələrdə yayılan və milyonlarla günahsız insanların, yeniyetmələrin, körpələrin həyatına son qoyan QİÇS-lə mübarizədə birləşməyin vacibliyi vurğulanmışdır.