Qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan risklərin təhlili sistemi formalaşdırılıb
Bakı, 15 iyul, AZƏRTAC
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan risklərin təhlili sistemi formalaşdırılmaqla "Qida təhlükəsizliyi sahəsində risklərin təhlili Qaydaları" hazırlanıb. Eyni zamanda, qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyət araşdırılaraq bu sahədə problemlərin müəyyənləşdirilməsi ilə əlaqədar işlər görülüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin nəzarət obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün qida təhlükəsizliyi problemləri, heyvan sağlamlığına aid xəstəliklər və bitki sağlamlığına aid zərərvericilər üzrə 15 risk profili hazırlanıb.
Eyni zamanda, qida təhlükəsizliyi sahəsində referens metod beynəlxalq və yerli standartların tələbləri əsasında 329 akkreditasiya edilib. Qida Təhlükəsizliyi İnstitutunun 1 saylı filialı qida məhsullarının fiziki-kimyəvi, mikrobioloji və toksikoloji sınaqlarının həyata keçirilməsi, mənşəyinin təyini və GMO qalıqlarının aşkar edilməsi üçün Akkreditasiya Mərkəzində akkreditasiyadan keçirilib. Agentliyin aparatı və regional bölmələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra edilib.
Gəncə və Mingəçevir təlim mərkəzlərinin maddi-texniki təchizatının möhkəmləndirilməsi üçün müvafiq icraçı şirkətlə müqavilələr imzalanıb. Bundan başqa heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikası aparılaraq optimallaşdırılıb və modernləşdirilib. Bəzi məntəqələr ləğv edilib və yeniləri yaradılıb.