Qobustan qəsəbəsində yerləşən “Tatra servis mərkəzi” fəaliyyətə başlayıb VİDEO
Bakı, 7 mart, AZƏRTAC
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən “Tatra servis mərkəzi” fəaliyyətə başlayıb.
“Azəryolservis”dən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə ASC-nin sədri Saleh Məmmədovun iştirakı ilə mərkəzin rəsmi açılış mərasimi keçirilib.
Bildirilib ki, lazımi avadanlıqla təchiz edilən bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait var. Sexlər və yardımçı sahələr Çexiya istehsalı olan “Tatra” markalı, həmçinin dizel yanacağı ilə işləyən digər yükü özüboşaldan maşınlarının təmiri və texniki qulluğu üçün bütün lazımi alət və müasir dəzgahlarla təchiz edilib. Burada çalışan bütün işçilərin əmək şəraiti yüksək səviyyədə təşkil olunub, təhlükəsizlikləri təmin edilib. Mərkəzdə eyni anda 10 ədəd yükü özüboşaldan maşınların təmiri və texniki qulluğu həyata keçirilə bilər.
“Tatra servis mərkəzi”ndə təmir zamanı istifadə oluna biləcək orijinal ehtiyat hissələrinin saxlanıldığı anbar, işçilər üçün paltar dəyişmə və ilkin tibbi yardım otaqları, həmçinin yeməkxana da mövcuddur.
İşsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə mərkəzdə onlarla qəsəbə sakini müvafiq işlə təmin olunublar. Belə ki, mərkəzdə təxminən 50 nəfər işçi çalışır və əksəriyyəti də yerli qəsəbə sakinləridir.
Qeyd edək ki, “Tatra servis mərkəzi” Çex Respublikasının “SaZ s.r.o.” şirkəti ilə “Azəryolservis” ASC arasında imzalanmış müqavilə əsasında inşa edilib.