Qoruq İdarəsinin stendi beynəlxalq sərgidə iştirakçıların marağına səbəb olub
Bakı, 17 noyabr, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində özünün rəngarəng, cəlbedici stendi ilə tədbir iştirakçıları və qonaqların marağına səbəb olub.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, ziyarətçilər stenddə qurumun ekoloji fəaliyyətini əks etdirən təqdimatla tanış olublar. Stend və təqdimat uzunqanad quşlar üçün quraşdırılmış yuvalar, velodayanacaq, havanın təmizliyinə yardımçı olan elektromobil xidməti, siqaretin zərərlərini bizə xatırladan bədii və botanik çəlləklər, siqaret çəkmənin tamamilə qadağan olunduğu Arxeoloji parka dair maraqlı faktları özündə əks etdirib.
Qoruq İdarəsi ilk dəfə olaraq özünün ən böyük və əhəmiyyətli layihəsi olan Bakı Xanları Evi kompleksinin və yeni salınacaq parkın maketini də nümayiş etdirib.