MƏDƏNİYYƏT
Qoy Puşkinin şeirləri ürəkləri fəth etsin...

İyunun 6-da müasir rus ədəbi dilinin banisi Aleksandr Puşkinin anadan olduğu gündür
Bakı, 6 iyun, AZƏRTAC
Aleksandr Sergeyeviç Puşkin Azərbaycan torpağına qədəm qoymasa da, onun ölkəmizlə əlaqələrinin dərin və çoxşaxəli tarixi var.
AZƏRTAC xəbər verir ki, şairin 1820-ci ildə Qafqaza səyahəti onun qəlbində dərin izlər buraxıb. Qafqaz mənzərələri, region xalqlarının mədəniyyəti və tarixi onu “Qafqaz əsiri” poemasını, “Çərkəz nəğməsi”, Qavriiliada” və bir çox başqa əsərlər yaratmağa ruhlandırıb.
Puşkin Azərbaycanda ən sevilən və hörmət bəslənilən şairlərdən biridir. Paytaxtda onun adına küçə verilib, abidə ucaldılıb. Ümummilli Lider Heydər Əliyev Puşkinin abidəsinin açılış mərasimində çıxış edərək deyib: “Puşkin Azərbaycan üçün doğma insandır”.
Məktəblərdə və universitetlərdə böyük rus şairinin yaradıcılığı öyrənilir, poeziya gecələrində onun şeirləri oxunur. Puşkinin əsərlərini Azərbaycan dilinə ilk dəfə Firudin bəy Köçərli və Rəşid bəy Əfəndiyev tərcümə ediblər. Sonralar Abbas Səhhət, Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rzanın tərcümələri sayəsində Puşkinin şeirlərini Azərbaycan dilində oxumaq mümkün olub. Bu baxımdan, “Yevgeni Onegin” mənzum romanının Səməd Vurğun tərəfindən tərcüməsini xüsusi qeyd etmək yerinə düşər. Bu tərcümə Puşkinin misralarının təkcə məna çalarlarını deyil, həm də gözəlliyini diqqətlə qoruyub saxlayıb.
Tanınmış azərbaycanlı tədqiqatçılar Mikayıl Rəfili, Məmməd Arif, Əziz Şərif, Şıxəli Qurbanov rus şairinin həyat və yaradıcılığından bəhs ediblər. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev Puşkinin “Səni sevirdim”, “Gürcüstanın təpələrində” və başqa şeirləri əsasında məşhur romanslarını yaradıb.
Puşkinin doğum günü Rusiyada Rus Dili Günü kimi qeyd olunur. Bu gün tematik sərgilər, mühazirələr və şeir qiraətləri keçirilir. Hər il Moskvada “Qırmızı meydan” adlı kitab festivalı keçirilir.