QRİQORİ KARASİN: AZƏRBAYCAN QAFQAZDA VƏ XƏZƏR REGİONUNDA SABİTLİK VƏ TƏHLÜKƏSİZLİK AMİLİDİR
“Rusiya Azərbaycan ilə münasibətlərini hər iki dövlət üçün son dərəcə vacib sayır və biz istəyirik ki, dinamik inkişaf edən dost Azərbaycan daha inamlı, zəngin və sabit ölkə olsun. Azərbaycan əvvəlki kimi Qafqazda və Xəzər regionunda sabitlik və təhlükəsizlik amili olsun”. Bunu stats-katib - Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində bildirmişdir.
Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin məzmunlu olmasına, konkret nəticələr verməsinə, konyunktur təsirlərə məruz qalmamasına nəinki ümid bəsləyir, həm də Azərbaycanla birlikdə bu istiqamətdə işləyir. Diplomat demişdir: “Biz istəyirik ki, bu münasibətlər regionda və bütövlükdə dünyada sabit siyasət nümunəsi olsun”.
Q.Karasin vurğulamışdır ki, bundan ötrü Rusiyanın və Azərbaycanın hər cür imkanı var, ölkələrimizin rəhəbərləri bunun üçün çalışırlar və təbii ki, ölkəmiz də bunda maraqlıdır. O demişdir: “Şübhəsiz ki, iki dövlətin başçıları arasında səmimi və dostcasına münasibətlər xalqlarımızın rifahına xidmət edir və böyük rol oynayır. İş elə gətirib ki, prezidentlər və ümumiyyətlə, ölkələrimizin rəhbərləri - Vladimir Putin, Dmitri Medvedev və İlham Əliyev nümunə göstərirlər, ölkələrimiz və xalqlarımız isə onların ardınca gedirlər. Reallıq belədir və bu, olduqca vacibdir. Biz prezidentlərimizin yeni görüşlərini gözləyirik və Sankt-Peterburqda keçiriləcək İqtisadi forumda bu görüşü hazırlayırıq”.
Beynəlxalq səviyyədə iki ölkənin mövqeləri və təhlükəsizlik məsələlərinə toxunan Qriqori Karasin bildirmişdir ki, başlıcası odur ki, mövqelərimiz və həmin məsələlərə münasibətlərimiz qarşılıqlı şəkildə başa düşülsün. Rusiya diplomatının fikrincə, mövqelər heç zaman tamamilə üst-üstə düşə bilməz, çünki hər bir ölkənin öz prioritetləri vardır. O demişdir: “Qloballaşan yeni dünyada çoxşaxəliliyin artıq davranış qaydasına çevrildiyi bir vaxtda uyğun gəlməyən məqamların olması tam amilə təbiidir. Başlıcası odur ki, qarşılıqlı anlaşma olsun və münasibətlərimiz konyunktur təsirlərə məruz qalmasın. Zənnimcə, Moskva da, Bakı da buna səy göstərir”.