QUBA SÜRƏTLİ İNKİŞAF YOLUNDADIR
AZƏRTAC xəbər verir ki, Quba rayonunda ötən ilin sosial-iqtisadi yekunlarına və bu il qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ərziman Əliyev bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Quba rayonu üzrə nəzərdə tutulmuş tədbirlər hesabat dövründə uğurla həyata keçirilmiş, tikinti, abadlıq və quruculuq işləri geniş vüsət almışdır.
Məruzəçi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Qubaya səfərini ötən ilin ən əlamətdar hadisəsi adlandırmışdır. Bildirmişdir ki, səfər çərçivəsində 57 kilometrlik Quba-İspik-Xınalıq avtomobil yolunun açılışı olmuşdur. Bu yol Xınalıq və ətrafdakı 12 kəndin əhalisi üçün mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir. Prezidentin tapşırığı ilə qısa müddətdə Xınalığa fiber-optik kabel xətti çəkilmiş, bununla da kənd sakinləri həm internet xidmətindən istifadə etmək, həm də beynəlxalq telefon danışıqları aparmaq imkanı qazanmışlar. Xınalıqda internat tipli məktəbin tikintisinə və Bostankeş məntəqəsinə su xəttinin çəkilişinə hazırlıq işləri görülür. Rayon mərkəzində, habelə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Qəçrəş kənd orta məktəbində keçirilmiş görüşlərdə qubalılar ölkəmizin tərəqqisi, xalqın rifahının yüksəldilməsi naminə həyata keçirdiyi tədbirlərə, Qubaya və qubalılara göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, son iki il ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Amsar, İqriq, Püstəqasım, Qımıl, Davidoba, Küsnətqazma, Suxtakələ, Üçgün, Qımılqazma, Cək, Növdun, Gültəpə, Gülər, Qlaxudat kəndlərində, dövlət vəsaiti və digər maliyyə mənbələri hesabına isə Səbətlər, Yenikənd, Mirzəməmmədkənd, Əliməmmədoba, I Nügədi kəndlərində məktəb binaları tikilib istifadəyə verilmişdir. Hazırda Xaltan və Əlik kənd məktəbləri üçün binalar tikilir.
Ötən il rayonun ümumtəhsil məktəblərində müxtəlif maliyyə mənbələri hesabına 800 min manatlıqdan çox təmir işi görülmüşdür. Təhsil ocaqlarına 1190 parta, 2380 stul, 54 yazı lövhəsi, məktəb kitabxanalarına 299 adda 111 min bədii kitab, 18 adda 15 min 48 müxtəlif lüğətlər verilmişdir. 270 qubalı məzun müxtəlif ali məktəblərin tələbəsi adını qazanmışdır. Onlardan 12 nəfər 500-dən yuxarı bal toplamışdır.
Məlumat verilmişdir ki, hesabat dövründə maliyyə, material və daxili imkanlar sosial-iqtisadi inkişafa, bazar iqtisadiyyatına cavab verən infrastrukturun yaradılmasına yönəlmişdir. Bu müddətdə rayon iqtisadiyyatının əsas sahələri üzrə 111 milyon 74 min manatlıq məhsul buraxılmışdır. Bu, əvvəlki illə müqayisədə 21 faiz çoxdur. 2005-ci ildəkindən 2 milyon 978 min manatlıq çox kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Tikintiyə qoyulmuş investisiyanın həcmi 10 milyon 873 min manat artaraq 19 milyon 63 min manat olmuşdur. 18 min 777 kvadratmetrlik yaşayış və qeyri-yaşayış sahəsi, o cümlədən 500 yerlik şadlıq sarayı, “Dəmiryolbank”ın rayon filialı üçün bina, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına 30 mənzilli ev tikilib istifadəyə verilmişdir. Müalicə-Diaqnostika Mərkəzində tikinti işləri davam edir. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə 4 milyon 617 min manat kredit verilmişdir. Əhaliyə göstərilən nəqliyyat və rabitə xidmətlərinin həcmi artmışdır. Yeni yollar çəkilmiş, mövcud yollar təmir edilmiş, köhnə tipli ATS-lər elektron ATS-lərlə əvəz olunmuş, yeni teleötürücülər qoyulmuşdur. Əhalinin içməli suya tələbatını ödəmək üçün tədbirlər görülür. Qırmızı qəsəbənin magistral kanalizasiya xəttinin mərkəzi kollektorla birləşdirilməsi məqsədi ilə 4 min 512 metrlik boru xətti çəkilir.
Məruzəçi məlum Dövlət proqramında nəzərdə tutulmuş, lakin icrası ləngiyən məsələlərdən danışarkən qeyd etmişdir ki, 2 nömrəli konserv zavodunun, kəndlərdəki 8 kiçik emal sexinin sahibləri müasir texnoloji avadanlıq gətirib quraşdırmağa təşəbbüs göstərmirlər, vaxtilə elektrotexnika zavodu kimi fəaliyyət göstərən və 1000 nəfərin çalışdığı “Mini motor” ASC-nin fəaliyyətinin bərpasına ehtiyac vardır. “Günbəzli hamam”ın təmiri və bərpasına vəsait ayrılmamışdır. Bələdiyyələr kəndarası yolların abadlaşdırılmasına laqeyd yanaşırlar.
Rayon icra hakimiyyətinin başçısı əhalinin elektrik enerjisi və təbii qazla təminatı, onlardan istifadə haqlarının yığılması sahəsində görülmüş işlərdən danışmış, Qubanın 2007-2008-ci illəri əhatə edən sosial-iqtisadi inkişafı proqramı haqqında məlumat vermişdir.
Məruzəçi və çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevi əmin etmişlər ki, qubalılar ölkəmizin başçısının ətrafında bundan sonra da sıx birləşəcək, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün səylərini artıracaqlar.
Yığıncaqda çıxış edən nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsindən, sosial-iqtisadi sahədə əsl tərəqqi, intibah dövrünün başlanmasından danışmışdır. Nazir dövlətimizin başçısının qayğısı ilə bilavasitə regionlarda, o cümlədən Qubada görülmüş işləri xatırlatmış, qarşıya qoyulmuş vəzifələrin reallaşmasında qubalılara uğurlar arzulamışdır.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.