Qubada 2 istiqamət üzrə 50 kilometrlik avtomobil yolları yenidən qurulur
Bakı, 9 aprel, AZƏRTAC
Quba rayonunda 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət üzrə 50 kilometr uzunluğa malik avtomobil yollarını əhatə edir. Bu, başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü kilometrindən götürən 17 kilometr uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 kilometrlik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
Məlumata əsasən, 11 yaşayış məntəqəsini əhatə edən Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi avtomobil yolu boyu zəruri olan yerlərdə torpaq yatağının təmiri və bərpası üçün yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirilib. Həmçinin əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb, hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Layihəyə uyğun olaraq, çiyinlərin bərpası işləri, 240 poqonmetr uzunluğunda dairəvi dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri də yerinə yetirilmiş işlərdəndir. Daha sonra yol boyu 700 ədəd siqnal dirəyi, 148 ədəd yol nişanı, 17 ədəd kilometr göstəricisi quraşdırılacaq, 51 kilometr uzunluğunda xətlənmə işləri aparılacaq.
11 yaşayış məntəqəsini əhatə edən İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yol boyunca hazırda torpaq işləri həyata keçirilir, yol yatağının yararsız qruntu qazılıb çıxarılır, qazılmış və genişləndirilmiş hissələrdə yararlı materialla kipləşdirmə işləri aparılır. Bu işlərin həcmi isə 48 min kubmetr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq, yol əsasının tikintisi tikinti norma və standartlarında nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə təqribən 350 min kvadratmetr sahədə yol əsası inşa ediləcək və ardınca 200 min kvadratmetr sahəni əhatə edən həcmdə asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd kilometr göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub.
Hər iki istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişindaşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.