Qubada ekskavatorçunun düşdüyü ehtimal olunan su hövzəsi nasoslar vasitəsilə boşaldılır
Quba, 15 fevral, Elxan Yusifli, AZƏRTAC
Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücü Vüqar Qasımovun axtarışları davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axtarışların sürətləndirilməsi üçün ekskavatorçunun düşdüyü ehtimal olunan su hövzəsi nasoslar vasitəsilə boşaldılır.
Fevralın 7-si səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində ekskavatorçu, Şabran rayon sakini Vüqar Qasımovun suya düşdüyü və ya çayın sahilindən qopan torpaq layının altında qaldığı ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu V.Qasımovun itkin düşdüyü ərazidəki su hövzəsində axtarışlar həyata keçirir.
Vüqar Qasımov ailəlidir, üç övladı var.