İDMAN
Qubalı pəhləvanın adı “Ginnesin Rekordlar Kitabı”na düşməyə namizəd oldu VİDEO
Quba, 8 avqust (AZƏRTAC, Elxan Yusifli). Qubalı pəhləvan Laçın Abdulhüseynovun adı “Ginnesin Rekordlar Kitabı”na düşməyə namizədlərin sırasına daxil edildi.
AZƏRTAC xəbər verir ki, pəhləvanımız bu uğura avqustun 3-də Gürcüstanın Dmanisi şəhərində yeni dünya rekordunun müəyyən edilməsi ilə əlaqədar keçirilən tədbirdə nail olub. O, Qafqaz Dünya Rekordları Federasiyasının təşkil etdiyi mərasimdə 2 nominasiyada yeni dünya rekordunu təzələməyi bacarıb.
Azərbaycan pəhləvanı qeyri-adi üsulla, göz həm də hulqum nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaqla hamını təəccübləndirib. Bununla da Laçın Abdulhüseynov “Ginnesin Rekordlar Kitabı”na namizəd adını qazanıb. Bundan əvvəlki dünya rekordu 24 kiloqrama bərabər idi.
Avqustun 8-də Quba Gənclər Mərkəzində yerli gənclərin iştirakı ilə Laçın Abdulhüseynovun uğuruna həsr olunan görüş keçirildi. Tədbirdə adı artıq “Ginnesin Rekordlar Kitabı”na düşən soydaşımız Etibar Elçiyev və Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək pəhləvanımızın qazandığı uğurun əhəmiyyətindən danışdılar.
Tədbirdə dünya rekordunu yeniləməyi bacaran pəhləvana fəxri fərman təqdim olundu.