Qunduz şəhəri yaxınlığında partlayış nəticəsində 6 polis əməkdaşı həlak olub
Bakı, 2 sentyabr, AZƏRTAC
Əfqanıstanın şimalında yerləşən Qunduz şəhəri yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər, o cümlədən təhlükəsizlik xidmətinin azı altı əməkdaşı həlak olub. Aralarında mülki şəxslərin də olduğu 11 nəfər isə yaralanıb.
AZƏRTAC TOLONews telekanalına istinadla xəbər verir ki, yerli polis orqanının məlumatına əsasən, partlayış Qunduz əyalətinin eyni adlı administrativ mərkəzi yaxınlığında baş verib. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 1-də “Taliban” silahlılarının Qunduz şəhərinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 20 əməkdaşı və 5 dinc sakin həlak olub, 80 nəfər isə yaralanıb. Hazırda şəhərin hökumət qüvvələrinin nəzarətində olduğu bildirilir.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.